Bu ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 3 mln. 595,5 min ton neft, 2,99 mlrd. kubmetr qaz hasil edilib.

“Azneft” İstehsalat Birliyindən “Ölkə.Az”a verilən məlumata görə, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Hesabat dövründə çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 7 ayı ərzində “Azneft”in sifarişi əsasında 39 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 48 min ton neft hasil edilib.

Ötən 7 ayda fəaliyyətsiz quyu fondundan 38 quyu nəzərdə tutulduğu halda 62 quyu istismara qaytarılıb. Bu quyulardan 26,8 min ton neft alınıb.

İlin əvvəlindən 377 geoloji tədbir keçirilib, nəticədə 135,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 48 tədbir çox və 51,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 22,1 min ton plana qarşı 31 min ton neft hasil edilib.