Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 12 ili tamam olur.
2004-cü il noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzaladı. Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.
İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə əsaslanaraq yaradılıb, özü də klassik formada – dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da, onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.
İTV Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür.