“Böyük Bakının Regional İnkişaf Planı” ilə əlaqədar son vəziyyət necədir? Layihədə şəhərin sosial-iqtisadi inkişafının əsas istiqamətləri öz əksini tapıbmı?
Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun AZƏRTAC-a müsahibəsində bu məsələlərə aydınlıq gətirilir.
İlqar İsbatov deyib ki, “Böyük Bakının Regional İnkişaf Planı” Azərbaycan hökumətinin və Dünya Bankının birgə maliyyələşdirdiyi layihədir. Layihənin hazırlanmasına ABŞ, İspaniya, Türkiyə və İtaliyadan olan beynəlxalq məsləhətçilər qrupu da cəlb olunmuşdu.
Layihənin 1-ci mərhələsi olan “Böyük Bakının Regional İnkişaf Planı” 2013-cü ildə tamamlanaraq, 2014-cü ildə ictimaiyyətin müzakirəsinə verilib. “Böyük Bakının Regional İnkişaf Planı” M1:25000 miqyasında hazırlanan ərazi planlaşdırma sənədi kimi şəhərsalma və tikinti məcəlləsində qeyd olunan “Ümumi plan” deməkdir. Layihənin 2-ci mərhələsi olan Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı isə ərazi planlaşdırma sənədi kimi məcəllədə qeyd olunan “Baş plan”a uyğundur. Hər iki sənəd artıq işlənib hazırlanıb.
Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı 2016-cı ilin noyabr ayında tamamlanaraq sifarişçiyə təhvil verilib və həmin ilin dekabr ayında ictimai müzakirəsi keçirilib. Müvafiq rəsmi qurumların iradları, təklifləri, tövsiyələri nəzərə alınmaqla yekun sənəd hazırlanaraq sifarişçiyə, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
-Bakı Dövlət Layihə İnstitutu “Böyük Bakının Regional İnkişaf Planı”nda hansı təkliflərlə çıxış edib?
– “Böyük Bakının Regional İnkişaf Planı” ərazinin inkişaf planı sənədidir. Bu inkişaf planında əsasən məskunlaşma ərazilərinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilir. Daha sadə dildə desək, yaxın gələcəkdə insanların harada yaşayacağı və işləyəcəyi, eləcə də onların sosial tələbatlarının hansı şəkildə ödəniləcəyi planda öz həllini tapıb.
Bundan başqa, bu tələbatların ödənilməsi üçün ətraf mühit, ərazinin ekoloji, təhlükəsizlik məsələləri, həmçinin nəqliyyat və mühəndis infrastrukturuna aid tələblər kompleks şəkildə nəzərdən keçirilib.
Layihədəki konseptual yanaşmalara gəldikdə isə burada əsasən 2 paralel yanaşma aparılıb və çalışmışıq ki, bunları əlaqələndirək. Bunlardan birincisi şəhər yükünün azaldılması üçün desentralizasiya tədbirlərinin görülməsidir. Bu isə hökumətin regionda əsas inkişaf istiqamətinin müəyyənləşdirdiyi vektorlara uyğun həyata keçirilib. Bildiyimiz kimi, Sumqayıt şəhəri və Qaradağ rayonunda, xüsusən də Ələt istiqamətində dövlətin böyük strateji planları var. Biz bu istiqamətləri mütləq nəzərə almalı idik. Əsas inkişaf vektorları məhz bu istiqamətlərə yönəlib.
Bundan başqa, Bakı şəhərinin özündə müəyyən tarazlaşdırma tədbirləri nəzərdə tutulub. Bakı şəhərinin yüklənməsinin qarşısını almaq üçün Mərkəzi Biznes Rayonunun yenidən qurulması ilə yanaşı, ətraf ərazilərdə alt mərkəzlərin formalaşdırılması nəzərdə tutulub və onlara müxtəlif funksiyalar verilib. Bu funksiyaların köməyi ilə mərkəzin yükünün azaldılması nəzərdə tutulub. Deyək ki, bir mərkəz daha çox ticarət sahəsində formalaşacaq, digəriləri maliyyə, səhiyyə və əyləncə sahələrində fəaliyyət göstərəcək. Həmin alt mərkəzlərə əsaslandırılaraq konkret təyinatlar, inkişaf istiqamətləri verilib və həmin tədbirlərin tarazlaşdırmanı təmin edəcəyini düşünürük.
Layihədə mövcud mənzil fondunun əhali sayının artımı nəzərə alınmaqla iki dəfəyədək artırılması nəzərdə tutulur. Əhalinin məşğulluğunun təmin olunması üçün tələb olunan tədbirlər çərçivəsində mütəşəkkil sənaye zonalarının, kiçik və orta sənaye zonalarının, həmçinin kənd təsərrüfatında çalışanlar üçün istixana komplekslərinin və bu komplekslərin təminatı üçün tələb olunan müvafiq strukturların, o çümlədən logistik mərkəzlərin yaradılması planlaşdırılır.
Layihədə, həmçinin ətraf mühitin sağlamlaşdırılması təklifləri çərçivəsində kompleks yaşıllaşdırma tədbirləri nəzərdə tutulub. Nəticədə hesabat dövrünədək adambaşına 30 kvadratmetrdən artıq yaşıllıq sahəsi düşəcək. Bu istiqamətdə indiyədək görülmüş və uğurla davam etdirilən işləri, o cümlədən Milli Parkın Şıx çimərliyindən Zığ gölünədək uzadılmasını və Nərimanov prospekti ətrafındakı ərazilərin yaşıllaşdırılması işlərini xüsusilə qeyd etmək lazımdır. Həmçinin göllərin ətrafında sağlamlaşdırma tədbirlərinin aparılması təklifləri irəli sürülüb. Paytaxtın sənaye zonası adlandırılan hissəsinin köçürülərək boşaldılması nəticəsində yaranacaq imkanlardan faydalanaraq, Böyükşor gölünün ətrafındakı rekreasiya ərazisinin ekoloji dəhliz vasitəsilə Milli Parkla əlaqələndirilməsi nəzərdə tutulur.
Planda, həmçinin mühəndis və nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks yanaşmalar və təkliflər irəli sürülüb.