Ağdamın “Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu turnirin pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran “Qarabağ” azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib. Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan Ağdam təmsilçisi ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda – Bakı Olimpiya Stadionunda keçirməklə bağlı UEFA-ya müraciət edib.
Artıq UEFA tərəfindən “Qarabağ”ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandanın bu müraciətini təsdiqləyib.
“Qarabağ” sentyabrın 27-də UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində İtaliyanın “Roma” klubunu Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min 500 tamaşaçı tutumuna malikdir.