Hazırda himayəsində işləməyən həyat yoldaşı və azyaşlı 2 uşaq olan işçi 540 manat əməkhaqqı alırsa, ondan əməkhaqqından gəlir vergisi necə tutulur?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlir 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli (2017-ci il üzrə 155 manat) məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.
Beləliklə də, qeyd olunan hal üzrə əsas iş yerində aylıq əməkhaqqı 540 manat olduğu və qeyd edilən güzəşt hüququnu təsdiq edən sənədlər təqdim edildiyi təqdirdə ödənilməli olan gəlir vergisinin məbləği (540-155-50)*14%=46,9 manat təşkil edir. Əsas iş yeri olmadığı təqdirdə isə əmək haqqının tam məbləğindən gəlir vergisi tutulur.
Həmçinin qeyd olunub ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlarından haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.