Natalya Məmmədova: Çempionatda əsas hədəfimiz medal qazanmaqdır

Çempionatda əsas hədəfimiz medal qazanmaqdır. Düşünürəm ki, bunu bacararıq. Komandamız çox yaxşıdır, üstəlik öz meydanımızda oynayırıq.

Bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının təcrübəli hücumçusu Natalya Məmmədova AZƏRTAC-a müsahibəsində söyləyib.

Avropa çempionatının gedişinə münasibətini bildirən Natalya Məmmədova qeyd edib ki, Azərbaycan voleybolçuları turnirin əsas favoritləridir. “Avropa çempionatında ən güclü komandalar ustalıqlarına görə bərabərdirlər. Onların oyunları barədə qabaqcadan nə isə demək çətindir. Yeri gəlmişkən, Türkiyə yığması qrupda qala bilərdi. Hesab edirəm ki, Azərbaycan yığması da Avropa çempionatının favoritidir. Düzdür, biz hələ bir dəfə də medal qazanmamışıq, amma mükafat uğrunda mübarizə aparmağa həqiqətən də layiqik. On iki ildə ilk dəfə qrupda lider olmuşuq və yarımfinala çıxmışıq. Məncə, bizim Niderland yığması ilə matçı udmaq üçün bütün imkanlarımız var”, – N.Məmmədova vurğulayıb.

Azərbaycan voleybolçusu ölkəmizdə sevilən idman növləri haqqında da danışaraq deyib: “Azərbaycanda güləş və cüdo kimi idman növləri çox inkişaf edib. İndi gimnastika da inkişaf edir. İdmanın komanda növlərindən futbol və qadın voleybolu yaxşı səviyyədədir. Hesab edirəm ki, Avropa çempionatının Bakıda keçirilməsi gənc nəslin diqqətini cəlb edəcək və voleybolu sevənlərin sayı iki dəfədən çox olacaq”.