Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə konsepsiya ictimaiyyətə təqdim olunacaq

Oktyabrın 19-da Bakıda keçiriləcək “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” adlı birinci beynəlxalq konfransda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə konsepsiya dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan innovativ dövlət startapı kimi ictimaiyyətə təqdim olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkil etdiyi beynəlxalq konfransın işində Avropa İttifaqı və Beynəlxalq Bankın, BMT-in İnkişaf Proqramı, Rusiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri iştirak edəcək.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, konfransda elektron imzanın tətbiqi və qarşılıqlı tanınması, ixrac prosedurlarının sadələşdirilməsi, qeyri-rezidentlərə elektron imzanın verilməsi, şirkətin distant yaradılması və idarə edilməsi, eləcə də elektron kommersiya sahəsində yeni həllər mövzusu müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – elektron tranzaksiyaların hüquqi qüvvə daşıyacağı və elektron ticarətin iştirakçılarının portalda qeydiyyatı prosedurunun hüquqi şəxslərin reyestri vasitəsilə dövlət tərəfindən təsdiqlənəcəyi elektron ticarətin innovativ platformasıdır.
Konfrans işini “Rəqəmsal Ticarət Qovşağı beynəlxalq ticarət və Azərbaycanın iqtisadi inkişafının drayveri kimi və transsərhəd ticarətin innovativ həlləri” və “Rəqəmsal Ticarət Qovşağı – dövlət və özəl sektorlar arasında əməkdaşlıqda maksimum sinerjinin təmin edilməsi üçün vasitə kimi” mövzularında müzakirə panellərində işini davam etdirəcək.
“Asan İmza” mobil elektron imzanın operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe birinci müzakirə panelinin moderatoru kimi çıxış edəcək. İkinci müzakirə panelinin moderatoru isə “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov olacaq.
Qeyd edək ki, hazırda “Asan İmza” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işlənib hazırlanan, dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına inteqrasiya edilib. Bu gün portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür. Bu Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. Bu Sərəncamın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənib. Əsasnaməyə görə, portaldan gücləndirilmiş elektron imza olan “Asan imza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə reallaşdırılır. Konfransda həmin layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verən “m-Residence” layihəsi nümayiş etdiriləcək. Bu yaxınlarda istifadəyə verilən “AsanDoc.az” portalı sayəsində isə orada audentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” vasitəsilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə, portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilib, eləcə də özəl şirkətlər ilə sənəd dövriyyəsi prosesi sadələşdirilib.
“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” adlı birinci beynəlxalq konfransın keçirilməsi bu konsepsiyanın inkişafında daha bir addım olacaq.
Tədbir çərçivəsində elektron hüquqi sənədlərin transsərhəd mübadiləsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “Qazinformservis” (Rusiya), UTC GIS (Rusiya), eləcə də “Asseco Data System” (Polşa) şirkətləri ilə elektron imzaların qarşılıqlı tanınması sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıq bunun təsdiqi ola bilər.