Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb

 Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin “İran bazarı” adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.
Qəza zamanı “Kamaz” markalı yük avtomobili “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.