“Mavi dəniz”ində 9 ildir ki,”Sənsiz” qalmışıq…
Bu gün həm sosial şəbəkələrdə,həm internet mediada mövzu bolluğu yaşanır. “Maşın şou”-dan, qaçan dustaqlardan, şou əhlinin məcaralarından, atmacalarından nə bilim nələrdən bəhs edən nə qədər yazılar gündəmi zəbt edib. Və nə yaxşı ki, kriminal və şou xəbərlərin bu günkü bolluğunda ünlü sənətkarımız Müslüm Maqomayev yaddan çıxmayıb…
Bu gün -25 oktyabr Müslüm Maqomayevin vəfatının 9 ili tamam olur. 9 ildir ki, “Əlvida Bakı”sı ilə bizə əlvida etmiş Müslümü itirmişik. Deyirlər, yaxşı sənətkar odur ki, sağlığında yox, dünyadan köç edəndən sonra da sevilsin, yada düşsün, əvvəlki məhəbbətlə xatırlansın.Müslüm Maqomayev adı bu gün çoxsaylı pərəstişkarlarının yaddaşındadır. Bu gün də o sevənləri üçün dənizin mavi ləpələrinin dili ilə həzin nəğməsini oxuyur səsinin sehrində yaşayanlara…
O vaxtkı rəsmi mətbuatın açıqlamasına görə, ötən əsrin 70-ci illərində Moskvada xoşbəxtlik mövzusunda aparılan sorğuda iştirak edənlərin böyük əksəriyyəti Müslüm Maqomayevin konsertinə düşməyi özü üçün xoşbəxtlik saymışdı. Sənətkara el sevgisinin bundan böyük meyarı varmı görəsən?
Hərdən elə məqam olur ki,fikirlərimi ifadə etməkdə sözlər dadıma yetmir. Bu günkü kimi. “Mavi ənginlik-dəniz” mahnısından illər boyu aldığım böyük zövqün şirinliyini sözlərə hopdura bilmirəm.”Ana” mahnısının həzinliyi isə ancaq ana laylası ilə müqayisəyə gələ bilər. Bir himn qədər möhtəşəm səslənən ”Azərbaycan” mahnısının Müslüm kimi ifaçısı varmı, olarmı?.! Doğrusu, bu gözəllikdə, bu səsdə, istedadda ikinci bir sənətkarın bir daha doğulacağına inamım yox.
Xatirə günündə M.Maqomayevin aldığı dövlət mükafatlarından, həyat və səhnə fəaliyyətindən də söz aça bilərdim. İstəmədim. İstədim ki, bu sehirli səs sahibinin ölümündən sonra da itməyən cazibəsini xatırlayım xatirə günündə.
Təmtəraqlı yubileylər həmişə olub olacaq,soyunmaqla gündəm zəbt edənlər yeni metodlar kəşf etməklə millətin az-cox güvəndiyi yazarlarını ayaqlarına gətirməklə meydanlarını sürüb- sürəcək,qaçan dustaqlar da nə vaxtsa tutulacaq… Bir sözlə ,həyat öz axarında davam edəcək. Amma sənsiz. Nə ağır ki,sevənlərin 9 ildir yeni ifalarına tamarzı qalıb,yeni nəsil canlı ifanı eşitmək səadətindən məhrum böyüyür.
Və yeri gəlmişkən, bu gün təkrarən “xoşbəxtlik nədir” sorğusu keçirilsə, xoşbəxtliyini Müslüm Maqomayevin konsertinə düşməkdə tapanların sayı nə qədər olar görən?… Maraq üçün “Youtube” kanalında dahi sənətkarımızın mahnılarının izlənmə sayına baxdım. Bizim yeni, yerli “müğənnilər”lə müqayisədə dəfələrlə az idi, heç milyona çatmırdı. 17 milyonluq, 7 milyonluq baxış sayı olan “müasir” müğənnilərimiz doğrudanmı Müslüm Maqomayevdən daha yüksək ifaçıdır?Görəsən, “Maşın şou”ya dəvət alsaydı,Talıb Tale kimi səs topyaya bilərdimi bu nadir səs sahibi?
Amma…belə səs bir də dünyaya gəlməyəcək. Səsinə rəhmət, gözəl sənətkar! Nəğmələrinlə bu gün də varsan, sabah da. Kövrək bir mahnını xatırlayıram xatirə günündə “Qayıt, əzizim!”.
Jurnalist
Esmira İsmayılova
Astarainfo.az