Bu gün qərarlaşdırdıq-sabah-9 noyabr Bayraq günü ilə əlaqədar Lənkəran Dövlət Universitetinin bütün kollektivi ilə birlikdə ötən ildə olduğu kimi şəhərin girəcəyindəki Bayraq meydanına yürüş edəcəyik.Sabah hava bu günki kimi yağmurlu olsa da ,5-6 km-lik yürüşü qətiləşdirmişik.Çünki sabah bayramların bayramdır,vətənimizin ,vətənpərvərliyimizin simvolu olan Bayrağımızın günüdür!
“Hər zaman xalqım üçün, vətənim üçün,torpağım üçün canımdan,qanımdan keçməyə hazıram və mən həmişə arzu etmişəm Ki,Vətənim üçün şəhid olum,Azərbaycan Respublikasının üçrəngli-ay ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin…”Bu aprel şəhidi Pəncəli Teymurovun öz toyunda özünə arzusudur və bu arzunu da təzə bəy Azərbaycan bayrağının fonunda səsləndirmişdi. Və iki il sonra da dedikləri çin olmuşdu.Şəhid olub doğma ocağına Vətən bayrağına bükülü tabutda qayıtmışdı.
Qəhrəman şəhidin dəfnindən sonra qadın məclisində iştirak zamanı deyilən ağılardan eşitdim bu toy söhbətini və ailənin o ağrılı anlarında az qala ayaqlarına düşüb yalvardım ki, ki,o toy kasetlərini tapıb verin mənə(.Və sağ olsunlar ki,etibar edib verdilər və ANS-in efirində ekzklüziv olaraq efirə də getdi.Sonralar dəfndə mənimlə birgə iştirak edən jurnalist dostlarım bu kadrları onlarla paylaşmadığıma,gizlətdiyimə görə məndən incidilər də).
Bayraq günü öncəsi bu söhbəti ,olanları təsadüfən xatırlamadım.Vətən bayrağının nəyə qadir olduğunu,vətənpərvərlik ruhunun qaldırılmasında əvəzsiz rolunu həmin gün bir daha dərk etdim.Yas mərasimində şəhidin doğmalarının Azərbaycan bayrağına bürünmələri(Bu çəkdiyim videomaterilda da əıks olunub),şəhid anasının göz yaşlarının axdığı bayrağı qəzəblə sinəsinə sıxaraq,”bir oğul itirdim,qalan 4 oğlum onun qisasını alacaq,şəhid olsalar belə”-deməsi yaddaşımda silinməz iz qoydu.Həmin an oğul itirən ana sanki köksünə sıxdığı Azərbaycan bayrağından güc alırdı.Həmin gün tabutun üzərini bəzəyən,əllərdə dalğalanan bayraq intiqam,ucalılq,vətənpərvərlik simvolu kimi ucalırdı,dalğalanırdı.Biləsuvardakı köçkün şəhərciyində şəhidin dəfni də heç yadımdan çıxmır.Həmin gün əllərində Azərbaycan bayrağını dalğalandıranlar elə bil zəfər yürüşünə çıxmışdılar.İnsanların,bayraqların sayı-hesabı yox idi.
…Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq,əgər uğrunda ölən varsa Vatandır!
Bu gün bizim o tarixçilərə,o müəllimlərə ,yazarlara ehtiyacımız var ki,Bayraq gününün,sabahkı bayramın mahiyyətini gənc nəslimizə real faktlarla izah etsinlər.Bayraq kimliyimizdir,milli atributumuzdur deməklə işlərini bitirməsinlər.O bayrağı sinəsinə sıxıb övlad dağını soyudan şəhid ailərinə baş çəksinlər,şəhid məzarlarını ziyarət etsinlər,eyvanlarından assınlar,başları üstünə qaldırsınlar-fəxrlə,fəxarətlə!Ömürləri kimi arzuları da nakam qalan şəhidlərimizin də yerinə qaldıraq bayraqlarımızı.Qəbul edək ki,o bayraqlar adicə qumaş parça deyil,şəhid analarının ,yaxınlarının göz yaşlarının hopduğu təbərrikdir,Kərbəladan,Həccdən gətirilənlərdən daha müqəddəsdir.Ucalarda dalğalandıraq,qəzəblə dalğalandıraq,mili hissiyatımızı oyadaq,Qarabağımızı qaytarmaq arzusu ilə dalğalandıraq!.Təkcə iş stolumuzu deyil,evlərimizi,məclislərimizi bəzəsin,daxilimizdəki milli kimliyimizi oyatsın,dünyanın hər yerində əzəmətlə dalğalanaraq Azərbaycan adını tanıtsın.Qurur duyaq,fəxr edək,öyünək ,şərəf duyaq bayrağımızla,bu günlə bağlı bayramımızla!
Və sabah Bayraq günüdür.Sən bu günü necə keçirəcəksən vətən oğlu,vətən qızı?Hələ düşünməyə bir günün var …Bəlkə bayraq yürüşümüzə sən də qatılasan?
Esmira İsmayılova-Lənkəran.
Astarainfo.az