Bakıda Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Fevralın 3-4-də Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, konfransda nazirliyin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov iştirak edəcək.
Konfransda arı məhsullarının əldə edilməsi, saxlanması, ekspertizası və istifadəsi haqda qısa məlumatlar veriləcək, dünya arıçı alimlərini düşündürən aktual mübahisəli məsələlər müzakirə olunacaq.
Konfransda bal arılarının virus xəstəlikləri və bunların varroa ilə əlaqəsi, balverən bitkilər və bal verən meşələrin salınma layihələri, Quba-Xaçmaz İqtisadi rayonunda arıçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ana arı yetişdirmə təsərrüfatlarında dayanaqlı varroa genəsi yaranma situasiyaları, iki analı arı saxlama metodu, arıçılıq məhsullarının istehsalı və saxlanmasında incə məqamlar müzakirə ediləcək.
Həmçinin, BMT İnkişaf proqramının dəstəyi ilə hazırlanmış, peşə məktəblərində arıçılığın tədrisi üçün nəzərdə tutulmuş kurikulum və 7 modul, “Azərbaycanda Arıçılılığın inkişafına dəstək” layihəsinin təqdimatları olacaq.
Konfransın ikinci günündə isə arılara yaz qulluğu, yemləmədən qaynaqlanan problemlər, Gürcüstan arıçılığı ənənələr və perspektivlər, Astara, Gəncə, Qax bölgələrində nozematoz xəstəliyinin son vəziyyəti müzakirə ediləcək.
Həmçinin, apiterapiya məhsulları ilə sinir sistemi xəstəliklərin müalicəsi, mumun emalı prosesi, yüksək keyfiyyətli şan istehsalına təsir edən faktorlar da müzakirə mövzusu olacaq.