Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonu Pensər kənd “Hacı Teymur Cümə” məscidində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Əhmədov, Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri Fariz Veysəlov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Pensər kənd “Hacı Teymur Cümə” məscidinin həyətində yerləşən türk şəhid məzarlığının ziyarət olunması, soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə 31 mart soyqırımı haqqında ətraflı məlumat verib. T.Həsənzadə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart soyqırımına, həmçinin tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı soyqırımı hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini vurğulayıb.
Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri Fariz Veysəlov tarixən mənfur qonşularımız olan ermənilər tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsinin 1918-ci il martın 31-də xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildiyini bildirib.
Pensər kənd “Hacı Teymur Cümə” məscidinin imamı İntizar Mürsəlov çıxışında bolşevik-daşnak qüvvələrinə qarşı mübarizədə “Qafqaz İslam Ordusunun” göstərdiyi misilsiz xidmətlər, həmçinin bu mübarizədə həlak olmuş Camal Yusif bəyin qəhrəmanlığı haqqında məlumat verib.

Astarainfo.az