Bunu Ankarada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə Suriya böhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti deyib ki, ölkəsində 3 milyon suriyalı qaçqın var: “Tel-Rifat bölgəsini də suriyalılar üçün yaşanacaq hala gətirmək üçün Rusiya və İranla birgə əməkdaşlığa hazırıq. Türkiyə PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı sona qədər mübarizə aparacaq, o torpaqlardan bu terror təşkilatı təmizlənəcək. Suriyada İŞİD və PYD/YPG terror təşkilatları ilk baxışda bir-biri ilə savaşan kimi görünsə də, əslində bu terror təşkilatları bir-birinin yolunu açır. Əvvəlcə bir yerə İŞİD terror təşkilatı daxil olur, sonra guya İŞİD-i təmizləmək adı ilə ora PYD/YPG daxil olur”.