Yanvarın 18-də Astara rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan 20 yanvar faciəsi zamanı həyatlarını itirmiş soydaşlarımızın anım tədbiri keçirilib.
Anım tədbirində Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, rayon Ziyalılar Cəmiyyətinin sədri Mircəfər Babazadə, rayon Veteranlar Təşkilatının sədri Rafiq Əliyev və rayon Polis Şöbəsinin bütün şəxsi heyəti iştirak edib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki  Azər Cahangirov XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşən “Qanlı Yanvar” faciəsinin Azərbaycan tarixində ən dəhşətli hadisələrdən biri olduğunu, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirib.
O qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonra rayon Ziyalılar Cəmiyyətinin sədri Mircəfər Babazadə, rayon Veteranlar Təşkilatının sədri Rafiq Əliyev və şəhid ailələri çıxış edərək  Qanlı Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını, qanlı yanvar faciəsinin insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu bildiriblər.
Nicat Raufoğlu
Astarainfo.az