Astara Olimpiya İdman Kompleksində yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları başa çatıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə bir həftə davam edən yarışda ölkəmizin 36-dan çox şəhər və rayonundan olan 260 yeniyetmə şahmatçı qələbə uğrunda mübarizə aparıb.
Mükafatlandırılma mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon icra hakimiyyəti aparatının məsul işçiləri Mərasim Hacızadə və Fikrət Talıbov qalibləri təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.
Çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən söhbət açaraq, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi qayğının nəticəsi kimi dəyərləndiriblər.
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Elnur Qurbanlı
Astarainfo.az