Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha iki toy mərasimi zamanı xüsusi karantin rejiminin tələblərindən irəli gələn qaydaların pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, aparılan yoxlamalar zamanı Astara rayonundakı “Maricel” və “Astara” restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Xüsusi karantin rejiminin tələblərinə əməl etmədiklərinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən “Maricel” restoranının sahibi 4000 manat, “Astara” restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.//AZƏRTAC