Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalçalarda yaşanan ömür” mövzusunda tədbir keçirilib.
Astarainfo.az xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Kamil Əliyevin öz yaradıcılığı ilə Azərbaycan xalça sənətinə böyük töhfələr bəxş etdiyini bildirib. Qeyd edib ki, onun yaratdığı çoxsaylı portret və zəngin ornamentli xalçalar qiymətli mədəni sərvətimizdir.
K.Səmədova Xalq rəssamının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamı sənətə və sənətkarlara verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Astara Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayevanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, maddi-mənəvi irsimizi qorumaq, gələcək nəsillərə ötürmək dövlətimizin müəyyən etdiyi mədəniyyət strategiyasının prioritetlərindəndir. Azərbaycan xalça sənəti də beynəlxalq səviyyədə layiqincə təbliğ olunaraq UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Bu mühüm nailiyyət Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə əldə olunub.
Diqqətə çatdırılıb ki, Xalq rəssamı Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib.
Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir. Böyük sənətkarın qüdrətli söz dühalarına, görkəmli siyasi xadimlərə həsr olunan və yüksək professionallığı, bədii-estetik mükəmməlliyi ilə seçilən portret-xalçaları incəsənətimizin qızıl fondunun qiymətli nümunələrindəndir. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. O, xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib.
Sonra Astara Rayon Heydər Əliyev Mərkəzinin “Xalçaçılıq” dərnəyində Mərkəzin əməkdaşı Aygül Əliyeva müəllim və şagirdlərin iştirakı ilə təlim keçib.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ilə tanış olublar.