Yeni il ərəfəsində Astara rayonunun Siyəku kənd sakini, ehtiyatda olan sərhədçi mayor Eldar Əhədovun təşəbbüsü və təşkilatçılığı ilə işğaldan azad olunmuş Qubadlı rayon ərazilərindəki hərbi hissələrdə qulluq edən əsgər və zabitlər üçün 500 kiloqram naringi meyvəsi göndərilib.

Astarainfo.az xəbər verir ki, bayram sovqatı göndərilən ünvana çatdırılmaq üçün Cəbrayıl rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə təhvil verilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətində 25 ildən artıq xidmət etmiş Eldar Əhədov Vətən müharibəsi dövründə vətənpərvərlik nümunəsi göstərərək rəhbərlik etdiyi şəhid Pəncəli Teymurov adına Boks Məktəbinin idmançıları, onların valideynləri, qonşu kənd ərazisində yaşayan sakinlər və ayrı-ayrı vətəndaşları cəlb etməklə cəbhəyə mənəvi və maddi yardım kampaniyasına da rəhbərlik edib.

Hazırda da bu ənənə davam etdirilir.

Eldar Əhədov, eləcə də gənclər arasında boks idman növünün inkişafı, təbliğ edilməsi, gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması, orduya sağlam gənclərin hazırlanması və onların asudə vaxtının səmərəli təşkili məqsədilə ictimai əsaslarla təlim məşqlərini də davam etdirir.

Boks üzrə SSRİ idman ustası Eldar Əhədovun yetirmələri respublika və beynəlxalq yarışlarda yüksək nəticələr qazanıblar.