Təbiətin oyanış fəslini,hər yanın  yaşıllığa büründüyü,güllü çiçəkli aprel səhərini yaşayırıq.İnsanın ruhuna rahatlıq gətirən bu ayda qəm –qüssədən qaysaqlanmış yaraları təzələnən,itirdikləri əzizləri üçün bir daha yanıb-yaxılanlar da var…

Aprel bu sətirlərin müəllifinə də unudulmazdır- qardaşını və cavanlıq həddinə yenicə qədəm qoymuş qardaşı balasını itirdiyi aydır.

Gəlin bu əziz Ramazan ayında -apreldə işıqlı həyata göz açmış iki şəhidimizin  və dünyasını dəyişən insanların ruhlarına dua oxuyaq-amin deyək…

O, təbiətin oyandığı, hər yan yaşıllığa büründüyü zaman, yəni 2002-ci il aprelin 15-də dünyaya göz açanda valideynləri ona Sadiq adı verirlər. Düz deyiblər ki, insan öz adını əməli ilə doğrultmalıdır. O, da adına sadiq olaraq, 19 illik ömrünü şərəflə yaşadı və unudulmaz xatirələri ilə yaddaşlara köçdü.

2019-cu ildə Ərçivan qəsəbə 3 saylı tam orta məktəbi bitirən Sadiq Bağırzadə erkən yaşlarından sevdiyi idmanla məşğul olduğundan bu ixtisas üzrə ali təhsil almaq istəyi ilə İdman Akademiyasına daxil olur. Lakin  məktəb ödənişli olduğuna görə ailəsinin imkanını nəzərə alıb “hazırlaşıb gələn il gedəcəyəm” deyir. Təəssüf ki, bəzən hər düşündüyümüzü həyata keçirmək bizdən asılı olmur.

2020-ci ilin mayın 22-də Sadiq coşqunluqla “Qarabağı mən alacağam” deyərək hərbi xidmətə gülə-gülə yollanır. Andiçmə mərasimindən sonra könüllü xüsusi təyinatlı qüvvələrə yazılır. 3 aylıq kursdan sonra kəşfiyyatçı kimi xidmətini davam etdirir.

Ana Vətənimizin üstünə qara buludlar çökəndə gənc kəşfiyyatçı Vətənin müdafiəsinə qalxır. Amma “Qarabağı alacağam” deyən gənc döyüşçünün arzuları pərən-pərən olur. Təbiətin xəzan çağında gənc ömrü də xəzana dönür. Düşmən qəlpələrindən ağır xəsarət alır və şəhidlik zirvəsinə ucalır.

Sentyabrın 30-da onun şəhadət xəbəri doğulduğu Ərçivana çatanda tək əzizləri yox bütün qəsəbə şəhidlik məqamına yüksələn gənc kəşfiyyatçını ehtiramla qarşılayıb, məhəbbətlə torpağa tapşırırlar.

Nəcib ailədə böyümüş Sadiqin ölümü atası Şahini, anası Yeganəni, universitet tələbəsi bacısı Milanəni dərin sükuta qərq etdi. Onları təsəlli edəcək Vətən uğrunda şəhid olan Sadiqdən qalan acılı-şirinli xatirələr və dilsiz şəkillərdən boylanan gülərüzlü, yaraşıqlı baxışlar oldu.

Övladını itirən, sanki utanırmış kimi insanın üzünə baxmayan, dili söz tutmayan ata-ananı danışdırmağa çətinlik çəkdiyim zaman Sadiqin müəllimi Nuranə xanım söhbətimə müdaxilə etdi:

– Sadiq tək ailəsinin yox, oxuduğu məktəbin, xüsusən mənim sevimli şagirdim olub. 5 il Sadiqgilin sinif rəhbəri olmuşam. Sadiq yaxınlıq etdiyi 3 dostu ilə tədris etdiyim tarix fənnini çox sevirdilər. Bütün dərslərinə hazırlıqlı gələn sevimli şagirdimi, təbəssümlü baxışını, gülə-gülə etdiyi söhbətlərini heç cür unuda bilmirəm. Ölümü məni təsirləndirsədə əslində  Sadiqlə qürur duyuram.

İmanlı ailənin yetirməsi, erkən yaşlarında Şahnaz nənəsindən öyrəndiyi namazı, orucu sevə-sevə həyata keçirən Sadiq Ramazan ayının bitməsinə iki  gün qalmış hərbi xidmətə yollanmışdır. İki gün qəzası olan Sadiq Bağırzadə şəhidlik məqamı ilə orucunu tamamlamışdır. Yəqin ki, bu Allahın cənnətdə olacaq quluna bir lütfü idi.

Şəhidin əmisi Rahim Bağırov əzizindən danışmaq istəyərkən qəhərdən doluxsundu.O çox çətinliklə Sadiqimizdən söz açdı:

Sadiqlə qardaş,dost ,ən yaxın sirdaş kimi idik.Aramızda yaş fərqi olsa da bir-birimizə çox bağlanmışdıq.Onunla məscidə,məşqə,toya,dənizə,bir sözlə hər yerə birlikdə gedərdik.Şirin talış dilində məni həmişə əziz tutaraq “çımı xosə məmü” dediyini xatırlayaraq indi əzab çəkirəm.Hara baxıram Sadiqi,onun gülümsər baxışınıl,yaraşıqlı üzünü görürəm.O ,tək qohumları arasında deyil,xidmətdə olduğu müddətdə komandanlıq,əsgər yoldaşlarının da hörmətini qazanmışdı.Müharibədə isə komandirin,döyüşçülərin yanında xüsusi hörməti olub.Komandiri ondan iftixarla danışanda qeyd etdi ki,Vətən üçün özünü qurban verən igidi heç cür unutmaq olmur.Döyüşlərdə hər kəsdən öndə getməyə səy göstərirdi.Verilən tapşırıqların öhdəsindən layiqincə gəlirdi.Hər hansı bir döyüşdən qələbə əldə etdikdə “ inşallah Qarabağ bizim olacaq”-deyirdi.

Sentyabrın 30-da Murovdağ yüksəkliyinin azad edilməsində gedən döyüşlərdə canını fəda edən, adını doğruldan XTQ-nın gənc şəhidi “Murov aslanı” ləqəbli Sadiq Bağırzadə,  ruhun şad olsun!

Bağırzadə Sadiq Şahin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü” “Kəlbəcərin alınmasına görə” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.

 Gülnar Əsədli