Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2022) bağlanış mərasimi keçirilib.

Astarainfo.az xəbər verir ki, Beynəlxalq səviyyədə təşkil olunan , 8 ölkədən komandaların iştirak etdiyi SAF 2022-də     “Edu Drone”  kateqoriyası üzrə Astara rayon Deqədi kənd ümumi orta məktəbinin  “Sparrow” komandası da  iştirak edib. Müəllim Tarverdiyev Nemət Zahirağa oğlu və şagirdləri İsayev Murad Ramal oğlu ,Hacızadə Nuran Oktay oğlunun təmsil etdiyi bu komanda Astara rayonuna  festivalda birincilik qazandırıb.

Elm və Təhsil Nazirliyindən verilən  məlumata əsasən, nazir Emin Əmrullayev əvvəlcə festival qaliblərini təbrik edib, Azərbaycanda “STEAM Azərbaycan” layihəsi istiqamətində görülən işlərə dövlət tərəfindən yüksək səviyyədə dəstək göstərildiyini vurğulayıb. Nazir bu dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

Layihənin son 3 ildə 100 mindən çox şagird, yüzlərlə məktəbi əhatə etdiyini deyən nazir yaxın vaxtlarda STEAM muzeyi, STEAM İnnovasiya Mərkəzinin də fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Nazir çıxışının sonunda bu cür festivalların mütəmadi təşkil ediləcəyini bildirib.

Bağlanış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “STEAM Azərbaycan” layihəsini yeni nəslin intellektual inkişafı üçün düşünülmüş mükəmməl bir layihə adlandırıb və qalibləri təbrik edib.

Mərasimdə “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov hesabatla çıxış edib. Bildirilib ki, SAF 2022-də 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.
Daha sonra qalib komandalara mükafatlar təqdim edilib.