Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2022-ci ildə
rayonun şəhər, qəsəbə və kəndlərində əhali ilə keçirdiyi səyyar qəbul və
görüşlərə Ərçivan qəsəbəsində keçirdiyi görüşlə yekun vurmuşdur.
Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və
müəssisələrin rəhbərləri iştirak etmişlər. İcra başçısı bildirmişdir ki, məlum
pandemiya səbəbindən müəyyən müddət görüşə bilməsək də, əhalinin
rahatlığının təmini üçün davamlı olaraq tədbirlər həyata keçirmişik. Əvvəlki
görüşlərdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək əksəriyyəti
həllini tapmışdır. Qəsəbədə yeni uşaq bağçası tikilmiş, ərazidəki
məktəblərə, mədəniyyət evlərinə, körpələr evi-uşaq bağçasına gedən yollar
və bir neçə ara yollar asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatı yenilənmiş,
kanallar təmizlənmiş,  magistral yol boyu küçə işıqları təmir olunmuş, 3
kilometr məsafədə yeni piyada səkilər salınmışdır.
Qəsəbənin sakinləri zəhmətkeş, torpağa bağlı, əməksevər, həm də
vətənpərvər insanlardır. İkinci Qarabağ müharibəsində xalqımız yumruq
kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşəndə rayonumuzun, o
cümlədən Ərçivan qəsəbəsinin qəhrəman oğulları da Vətənin müdafiəsinə
ilk qalxanlar sırasında oldular. Müzəffər ordumuz əsl qəhrəmanlıq nümayiş
etdirərərk qısa müddətdə torpaqlarımızı mənfur, quldur erməni
işğalçılarından təmizlədi. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son
qoyuldu. Təəssüf ki, müharibədə şəhidlərimiz də oldu. Mən şəhidlərimizə
Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram. Bu gün
onların sayəsində xalqımız başıuca, Vətənimiz azaddır.
Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Cəbrayıl
Salmanov qəsəbədə görülən quruculuq, abadlıq işləri barədə ətraflı
məlumat vermişdir.
Qəsəbə sakinləri çıxış edərək Respublika Prezidentinin əhalinin
sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən,
qəbul edilən qərarlardan razılıqla danışaraq bunun ölkə başçısının öz
vətəndaşlarına sonsuz diqqət və qayğısının əyani sübutu olduğunu
bildirmiş, möhtərəm Prezidentə minnətdarlıq etmişlər. Sakinlər görülən
işlərlə yanaşı onları narahat edən problemlər – şəhid Mahmud Əliyev və
Sahib Kələntərovun ailələrinin yaşadığı məhəllə yolunun asfaltlaşdırılması,
qəsəbədən keçən magistral avtomobil yolunda radar və sərnişin
dayanacaqlarının quraşdırılması, ailə sağlamlıq mərkəzi binasının təmiri,
qəsəbəyə içməli su xəttinin çəkilməsi, ayrı-ayrı yerlərdə zibil konteynerlərin
yerləşdirilməsi, qəsəbə 3 saylı tam orta məktəbinə qaz xəttinin çəkilməsi,
güzəştli şərtlərlə satılan gübrələr üçün qəsəbədə anbarın tikilməsi barədə
təkliflər vermişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət
bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar
aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam
etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü
siyasəti ilə Respublikamızın son illərdə qazandığı nailiyyətlər, gündən-günə
artan uğurlarla regionun aparıcı dövlətinə çevrilməsi barədə görüş
iştirakçılarını məlumatlandıran icra başçısı dövlətimizin gələcək
hədəflərindən danışmışdır. Respublikamızın hər yerində olduğu kimi,
rayonumuzda da abadlıq-quruculuq sahəsində görülən çoxsaylı tədbirlərin
həyata keçirildiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, bütün görülən işlər
əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməklə, gələcəkdə miqyası
daha da genişləndiriləcəkdir.
Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının  inkişafı ilə
əlaqədar qəbul etdiyi qərarların rayonumuzda, eyni zamanda Ərçivan
qəsəbəsində insanların torpağa qayıdışında hiss olunduğunu, son illər əkin
sahələrinin xeyli genişləndirildiyini qeyd edən icra başçısı, qəsəbə
ərazisindəki torpaqlardan daha səmərəli istifadə edilməsi üçün bütün
qüvvələrin səfərbərliyə alınmasının, əkinə yararlı torpaqların tamamilə əkin
dövriyyəsinə qaytarılması üçün daha səylə çalışmağın vacibliyini diqqətə
çatdırmışdır.
İcra başçısı sakinləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik
etmiş, xoş arzularını bildirmişdir.