“Gürcüstan hökuməti Rusiyanın beynəlxalq sanksiyalardan yan keçməsi üçün faydalı vasitədir”.
Astarainfo.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində deyib.
Saakaşvilinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin, sələfi Dmitri Medvedev və Rusiya xarici işlər naziri onun nəinki fiziki cəhətdən məhv edilməsi, hətta həbs edilərək Gürcüstanda mühakimə olunması barədə göstəriş veriblər:
“Rusiyadan başqa dünyanın heç bir ölkəsi mənə qarşı irəli sürülən ittihamları və ya hökmləri tanımayıb. Mən Gürcüstana qayıtmaq istəyirdim, amma vaxt pis idi – Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan bir qədər əvvəl. Ola bilsin ki, mənim Gürcüstana 2021-ci ilin oktyabrında qayıtmağımı planlaşdıran şəxslər Rusiya agentləri olub. Əslində, mənim doğulduğum ölkə çoxdan Putinin gizli müttəfiqi olub”.
Saakaşvili qeyd edib ki, onun başına gələnlər Ukrayna Prezidenti Vladimir Zelenskiyə açıq “mesaj”dır:
“O, Rusiyanın işğalçı müharibəsi başlayanda ölkəni tərk etməkdən imtina etdi, necə ki, mən 2008-ci ildə Rusiya hərbçiləri Gürcüstanı işğal edəndə etdiyim kimi. O zaman biz Gürcüstanda uğurlu islahatlarımıza görə, bir hissəsi olmaqdan şərəf duyduğum siyasətə görə cəzalandırıldıq, necə ki, Zelenski indi anti-oliqarxiya siyasətinin bədəlini ödəyir”.
Gələcəklə bağlı planlardan danışan Saakaşvili qeyd edib ki, sağ qalsa, gələcəyini ancaq Ukraynada görür:
“Mən artıq bu ölkənin tarixində öz rolumu oynamışam və azad dünyanın lideri kimi gördüyüm Zelenski ilə işləmək imkanım olduğu üçün inanılmaz dərəcədə şanslıyam. Əksinə, bu müharibədə Gürcüstanın necə Kremlin gizli müttəfiqinə çevrildiyini görmək çox acınacaqlıdır”.