05 may 2023-cü il tarixdə Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsinin, “Səbail” Futbol Klubu və Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənc futbolçularla görüş keçirilmişdir.

Görüşdə Astara RGİİ-nin rəisi Rufan Şirinov, “Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov, İdarə Heyətinin üzvü İxtiyar Asyabi, Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İslam Rəsulov, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin dərs hissə müdiri Cəbrayıl Məmmədov çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən futbol idman növünün inkişafı diqqət mərkəzindədir. Belə ki, rayonumuzda futbol idman növünün inkişafı üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Rayonun uşaq və yeniyetmələrdən ibarət komandaları respublika yarışlarında fəal iştirak edir və yüksək nəticələr qazanırlar.

Görüşün məqsədlərindən biri də Astarada uşaq və yeniyetmələr arasında futbolun inkişafına dəstək olmaq, Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” FK-nın ehtiyat bazasının hazırlanmasında astaralı yeniyetmə və gənclərin potensialından düzgün istifadə etmək olmuşdur.

Yekunda Astara UGİŞM-nin futbol üzrə məşqçiləri Etibar Axundov və Qəhrəman Mirzəyevin rəhbərliyi ilə Astara UGİŞM-də təhsil alan uşaq və yeniyetmələrin futbol üzrə təlim-məşqlərinə baxış keçirilmişdir.