Astara Rayon İcra Hakimiyyətinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş Astara rayonunda əkinçiliklə məşğul olan sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə həsr edilmişdir. May ayının 23-də Astara Dövlət Aqrar və İnkişaf Mərkəzində təşkil olunmuş görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin, Standartlaşma İnstitutunun Lənkəran Regional Bölməsinin, AQTA Lənkəran Regional Bölməsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 10 saylı Lənkəran Ərazi İdarəsinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin Regional Bölməsinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin və maliyyə qurumlarının nümayəndələri, eləcə də 25-ə yaxın fermer və sahibkarlıq subyektləri iştirak edib.

Görüş çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirakçıları sahibkarlıq sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, həmçinin bu sahədə mövcud qanunvericilik və dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmışlar.

Fermerlərin fəaliyyətinin təşkilində, əkin subsidiyalarının alınmasında, güzəştli kreditlərin əldə edilməsində yaşanan çətinliklər və onların aradan qaldırılması üçün təkliflər, elektron xəritələrin inteqrasiyası zamanı yaranan uyğunsuzluqlar, təbii fəlakətlər nəticəsində təsərrüfatlara dəymiş ziyanın qarşısının alınması üçün görülməsi lazım olan qabaqlayıcı tədbirlər və s. barədə müzakirələr aparılmış, fermerlərin sualları dinlənilmiş, müvafiq qurumların nümayəndələri tərəfindən tədbirdə səsləndirilən suallar cavablandırılıb.