Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi “Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində 2023-cü ilin 04 sentyabr tarixində Astara rayonun Asxanakəran kəndində, 05 sentyabr Pəlikəş kəndində, 06 sentyabr Rinə kəndində hər bir kənddə 20 nəfər məktəbli qızın iştirakı ilə tədbirlər həyata keçirilib.

Tədbirləri giriş sözü ilə açan İB-in sədri və layihə rəhbəri İntiqam Səfərov iştirakçılara layihəni maliyyələşdirən QHT Agentliyi, təmsil etdiyi təşkilat, layihə mövzusuna uyğun qızların təhsilinin önəmi barədə məlumatları çatdırıb və layihənin sonunda məktəbli qızlar üçün təşkil ediləcək sosial ekskursiya barədə iştirakçılara məlumat verib. Tədbirdə iştirak edən müvafiq olaraq hər bir kənd məktəbin direktoru layihənin çalışdıqları kənddə yaşayan məktəbli qızlar üçün önəmini və aktuallığını qeyd edib, dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticələri barədə danışıblar.

Tədbirdə layihə eksperti, Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev seminarda iştirak edən məktəbli qızlara “Mənim təhsilim cəmiyyətin inkişafıdır”, “Sosial həyatda fəal iştirak”la bağlı fikir mübadiləsi aparıb, müxtəlif qrup müzakirələri və digər fəaliyyətləri həyata keçirib. Hər bir tədbirin yekununda iştirakçı olan məktəbli qızlar layihə barədə müsbət fikirlərini bölüşüb və belə tədbirlərin davamlı təşkilini arzulayıb.

Növbəti silsilə tədbirlərin 07 sentyabr tarixində Lerik rayonun Hamarmeşə kəndində və 08 sentyabr tarixində Günəşli kəndində, 09 sentyabr tarixində isə Astara rayonun Tüləguvan kəndində keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd yerlərində məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır. Layihədən ümumilikdə 120 nəfərdən məktəbli qızın birbaşa faydalanması nəzərdə tutulub .