Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.
Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq.
-İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.
Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.
Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir.
Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir.
Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.
Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır;
Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir.
Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq.
Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır.
Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.
Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur.Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.
Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür.Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik.
Ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə sevindirici nəticələri əldə etmək mümkün olur.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.