Keçmiş sovet dönəminin yaxşı-pis cəhətlərini bu günümüzlə müqayisə etmək fikrindən uzaq olsam da, bir məsələni deməyə bilmirəm.

O vaxt zəhmət adamına, torpağı əkib becərib süfrələrimizi barı ilə bəzəyənlərə xüsusi hörmət var idi. Bütün ünlü şair yazıçıların, bəstəkarların yaradıcılığından qırmızı xətt keçirdi-əmək qəhrəmanları barədə əsərlər yazmaq, şənlərinə mahnı həsr etmək. Bu Mərkəzi Komitənin sifarişi idi, ya yaradıcı insanların öz təşəbbüslərimi, ancaq deyim ki, çox xeyirxah bir iş idi. “Sürəyya”, ”Tərlan, ”Çoban Qara”, ”Kim tanımır Solmazı”, ”Nə qəşəngsiz, nə gözəl, tarla qızları”, “Şamama”, əməkçi insanlara həsr olunmuş onlarla bəstələr. Bu mahnıları Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İlhamə Quliyeva kimi  tanınan, sevilən  sənətkarlar ifa edirdilər.

Hər il kənd təsərrüfatı mövsümündə yeni-yeni əmək mahnıları yaranardı, sevilərdi, il boyu da dillərdən düşməzdi, efirdə səslənərdi, konsertlərdə, tədbirlərdə, el şənliklərində  ifa edilərdi. Amma indi? Nə dəyişilib, torpaq da həmin torpaqdır, əkinçi də həmin əkinçi… Bəs niyə bu gün nə ədəbiyyyatımızda, nə kinomuzda, nə yeni teleseriallarımızda, mahnı yaradıcılığımızda əmək mövzusu arxa plana keçirilib? Müstəqqilliyimizin 26-cı ilini başa vurmaqda olsaq da, bu illər ərzində  ərsəyə gəlmiş  bir əmək bəstəsini  belə xatırlaya bilmədim, bu mövzuda yazılmış şeir, poemaya rast gəlmədim. Doğrudanmı, əli qabarlı torpaq adamı bu qədər unudulub, yaddan çıxıb?Axı, onun zəhmətinin bəhrəsi hər gün gözümüzün önündədir!

Bu gün Azərbaycanda kənd təsərrüfatı işçiləri günü qeyd edilir. Əslində bu bayramın sevincindən hamımıza pay düşməlidir. Yayın istisində,qışın soyuğunda zəhmət çəkib bar yetirənlər, yediyimiz çörəyin, içdiyimiz çayın əziyyətini çəkənlər-gününüz mübarək! Bu gün sizlər üçün mahnılar bəstələnməsə də, Siz yenə də qəşəngsiniz, narıngi dərən, pambıq, üzüm yığan tarla qızları! Palçığın qabar-qabar etdiyi əllərinizi sıxır, qarşınızda baş əyirəm. O tarlada vaxtı ilə mən də çalışmışam və işinizin nə qədər ağır olduğu mənə yaxşı tanışdır. Alın təriniz, halal zəhmətinizlə siz bu günün üst mövzusu olmalıydınız. Təəssüf ki, yenə də oğru aləmi, şou-biznes xəbərləri sizləri kölgədə qoydu. Eybi yox. Yəqin ki, süfrə açanda, hamının yadına düşəcəksiniz. Sizə həsr olunan mahnılar da xatırlanar bəlkə. O mahnıları ki, bizim nəsil sevə-sevə oxuyurdu, gənclərdə əməksevərlik oyadırdı, ardıcıllarınız çoxalırdı.

Saf eşqiniz, coşqun dəniz, qələbədir hər töhfəniz,
Bu torpağa yaraşıqdır, sizin qızıl əlləriniz.
Nə gözəlsiniz, nə qəşəng tarla qızları!…

Esmira İsmayılova

Lənkəran

Astarainfo.az