Xəzərdə itkin düşənlərdən birinin meyiti tapıldı – YENİLƏNİB

Dünən Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin “Orion” gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb. İtkin düşmüş digər şəxsin axtarışları davam etdirilir.
Axtarışlarda Fövqəladə Hallar Nazirliyinim Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
*****
11:25
Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışı davam etdirilir. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışa cəlb olunub. Əlavə məlumat veriləcək.