Naxçıvan – alınmaz qalamız, məğlubedilməz Vətən övladlarımızın yurdu. Dövrünün ən qüdrətli ordusu hesab edilən, hansı səmtə üz tutsa orada qələbə bayrağını dalğalandıran Teymurləngin orduları məhz bu qədim torpaqda çox güclü dirənişlə qarşılaşıb, bu diyarda düşmənə qarşı 14 il mübarizə aparan Əlincəqala qəhrəmanları tarix yazıblar. Ötən əsrin 90-cı illərində taleyin ümidinə buraxılan Azərbaycanın həmin dilbər guşəsi ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində növbəti dəfə tarix yazıb. Həmin illərdə naxçıvanlılar dahi şəxsiyyətin ətrafında yumruq kimi birləşərək düşmən qarşısında bir addım belə geri çəkilməyiblər. Bu gün muxtar respublikamız faşist Ermənistanın əməlləri nəticəsində artıq 27 ildir, blokadada yaşayır. Bu illər ərzində isə Naxçıvan daha da güclənib, vətənpərvərliklə yenidən qurulub, tikilib ucaldılıb, nümunəvi bir diyara çevrilib.
Bu gün Naxçıvanı bu səviyyəyə çatdıran dövlət başçımızın böyük diqqəti və qayğısı, eyni zamanda, naxçıvanlıların vətənpərvərliyi, onların Vətəninə, torpağına sarsılmaz tellərlə bağlılığıdır. Ən ali və əzəli hisslərdən biri olan vətənpərvərlik isə hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, torpağına, vətəndaşı olduğu ölkəsinə sonsuz məhəbbətini ifadə edir. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də Vətən naminə var gücü ilə çalışmaq, onun yolunda fədakarlıqlara hər an hazır olmaq, Vətənin, xalqın, cəmiyyətin inkişafı naminə öz səylərini əsirgəməməkdir.
Vətənpərvərlik həm də elə ali bir duyğu, ürək yanğısıdır ki, bu duyğu, bu yanğı insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətənpərvərlik ən çətin anlarda belə, insanları azadlıq uğrunda mübarizəyə səfərbər edir, onlara cəsarət, güc verir.
Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün ən böyük vətənpərvərlik nümunəsidir. Ümummilli lider öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Məhz ona görə də 1993-cü ildə xalqın çağırışına səs verərək doğma Vətənimizi bəlalardan xilas etmək üçün tarixi bir missiyanı öz üzərinə götürmüşdü. Çünki Ulu Öndərin vətənpərvərliyi mübarizə ruhlu idi, çünki müharibə gedirdi və ərazi bütövlüyü pozulmuş ölkəni işğalçılardan qorumaq lazım gəlirdi. Həmin dövrdə müstəqilliyimizə qəsd edən daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaqla yanaşı, dövlət quruculuğu prosesini də davam etdirmək, ölkəni gücləndirmək vacib idi. Bütün bunları isə yalnız və yalnız böyük dövlət idarəçiliyi təcrübəsinə malik, nüfuzlu bir şəxs edə bilərdi. O, dahi şəxsiyyət Heydər Əliyev idi…
Ulu Öndərin vətənpərvərliyi, eyni zamanda, müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, yalnız öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi.
Vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurur. Buna görə də Ulu Öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasının vacib şərt olduğunu vurğulayıb: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.
Həyatı və fəaliyyəti hər birimiz üçün nümunə olan dahi şəxsiyyətin yoluna sədaqətli hər bir kəs öz fəaliyyətində məhz bu amilləri ön planda tutur, Onun göstərdiyi işıqlı yolla, Vətən yanğısı ilə doğma yurdumuza təmənnasız xidmət yolu ilə irəliləyir, həyatının mənasını məhz bunda görür.
Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun qeyd etdiyi kimi: “Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün… Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”.
Bəli, bu, reallıqdır ki, hər xalqa öz ölkəsinin sahibi olmaq, özünün milli dövlətini qurmaq, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını yaşadığı ölkəsinin ərazisində dalğalandırmaq xoşbəxtliyi nəsib olmur. Bu baxımdan Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Azərbaycan xalqının bu gün müstəqil dövləti, möhtəşəm bayrağı vardır. O bayraq ki ilk dəfə böyük cəsarətlə qədim və müqəddəs Naxçıvan torpağında səmalara yüksəlib. O bayraq ki onun əzəmətlə dalğalanması üçün yüzlərlə insan baldan şirin canını fəda edib. O bayraq ki xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə bu gün müstəqil Azərbaycan Respublikasının ərazisində dalğalanır. O bayraq ki yağı düşmənin bir il bundan əvvələdək işğalda saxladığı hərbi-strateji yüksəklik olan Lələtəpədə dalğalanmaqla düşmənə gözdağına çevrilib. O bayraq ki ötən ilin aprelinədək düşmən tapdağı altında inləyən torpağımıza can verib, abadlıq, quruculuq, sevinc gətirib. O bayraq ki Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışın xəbərçisinə çevrilib. O bayraq ki Şuşada, Laçında, Xankəndidə dalğalanacağı günü həsrətlə gözləyir. O bayraq ki Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.
Və o bayraq ki bu gün Azərbaycanın yüzilliklərə söykənən tarixi dövlətçiliyinin qorunub yaşadıldığı, düşmənə gözdağına, dostun qürur mənbəyinə çevrilən Naxçıvanda ən yüksək zirvədə əzəmətlə dalğalanır.
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri