Bakının 5 rayonunda panduslar quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda piyada keçidləri, pandus, işıqforlar, yol nişanları ilə bağlı, ümumilikdə piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili ilə bağlı tətbiq edilən bütün yeniliklər şəhərin digər küçə və prospektlərində də tətbiq ediləcək. Fiziki imkanları məhdud şəxslərin şəhərin küçə və prospektlərində rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılacaq.

M.Ağayevin sözlərinə görə, bununla bağlı işlər görülür. Şəhərin mərkəzi hissəsini əhatə edən 5 rayonun bütün küçələri təhlil edilib və müəyyənləşdirilib ki, həmin küçələrdə panduslar çox az saydadır və hətta yox səviyyəsindədir: “Artıq həmin küçələrdə pandusların harada quraşdırmaq lazım olduğu da müəyyənləşdirilib. Bu layihə artıq hazırdır. Yaxın zamanlarda reallaşdırılmasına başlanılacaq”.