Azərbaycanın turizm potensialı və bu sahənin inkişafına yönəlmiş irihəcmli layihələrin həyata keçirilməsi ölkəmizdə turizm sənayesinin inkişafına təkan verən amillərdəndir. Digər sahələr kimi, turizm sahəsi də dövlətin diqqət və qayğısı ilə əhatələnib. Ölkəmizə gələn turistlər üçün bütün lazımi şəraitin yaradılması, xüsusən onların təhlükəsizliklərinin təmin edilməsi birinci dərəcəli məsələlərdəndir. Dünyanın bir çox ölkələrindən fərqli olaraq ölkəmizdə turistlər əsl qonaqpərvərliklə qarşılanır. Onlar burada özlərini ev sahibi kimi hiss edirlər. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Son vaxtlar Azərbaycana çoxsaylı turist axını hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Məlumdur ki, dövlətimiz turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət Proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, xüsusilə də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi bunu bir daha sübut edir. Artıq ölkəmizin bu sahədəki uğurları beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və dəstəklənir. Təsadüfi deyil ki, bu ilin 6 ayı ərzində ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 966 min 497 nəfər, yəni 24 faiz artım deməkdir. Cari ildə Azərbaycana səfər edən ərəb ölkələrindən olan turistlərin sayında böyük artım nəzərə çarpır. Görünür, ərəb turistlərin ölkəmizin turizm imkanları ilə tanış olmaq istəyinə səbəb olan bir sıra amillər var. Dövlətimizin İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olması, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərin mövcudluğu, ölkəmizdə tolerantlıq mühiti, turistlərin istirahəti üçün yaradılan digər inkişaf meyarları ərəb turistlərin ölkəmizə gəlişini şərtləndirir. Eyni zamanda, 2017-ci ilin əvvəlindən Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqi iraqlı turistlərin ölkəmizə gəlməsini asanlaşdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin statistik a

çıqlamasında göstərilir ki, bu ilin ilk rübü ərzində ölkəmizə 19 min 355 nəfər iraqlı turist səfər edib. Bu da ötən illə müqayisədə 1, 5 dəfə çoxluq təşkil edir.

Bakıda həmsöhbət olduğumuz iraqlı turistlər də yuxarıda sadalananların həqiqət olduğunu bir daha təsdiqlədilər. Onlar yaradılan şəraitdən, buradakı qonaqpərvərlikdən, olduqları məkanlarda qarşılaşdıqları səmimilikdən ürək dolusu söz açdılar.

İraqlı turist Muhəmməd Əbu Əmir deyir ki, Azərbaycanda öz ölkəsindəki kimi rahatdır. “Bakının gözəlliyi, burda yaradılan abadlıq işləri və şəhərin gəzməli-görməli yerləri bizi valeh edir. Azərbaycana ilk dəfədir gəlirəm. Bakı çox gözəl şəhərdir. Buradakı restoran və kafelər, eyni zamanda, otellər çox xoşuma gəldi. Ölkəniz haqqında İraqda dostlarımdan eşitmişdim. Ailəmlə birlikdə gəlmişəm, burda olduğum 10 gün müddətində digər şəhərlərinizi də gəzəcəyəm. Mətbəxiniz, musiqiniz, o cümlədən şəhərdə insanlarınızın qonaqlara qarşı olan xoş münasibəti bizi sevindirir. Biz Azərbaycanın hər zaman inkişafını istəyirik, çünki ölkənizin uğuru müsəlman dövləti kimi bizim də uğurumuzdur”,-deyə iraqlı qonaq vurğulayır.

Həmsöhbət olduğumuz digər iraqlı turist Hadi Əbu Həsən də həmyerlisinin fikirlərini təsdiqləyir. O da ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək deyir: “Dostumdan fərqli olaraq mən 12 gündür ki, Bakıdayam. Burada olduğum müddətdə Bakıdakı Qız Qalası, Şirvanşahlar sarayı, ümumiyyətlə İçərişəhərdə olan bütün tarixi abidələrlə tanış oldum. Burada getdiyim hər bir məkandan zövq almağa çalışıram. Bundan öncə Qəbələ şəhərində olmuşam. Orada turistlər üçün yaradılan şəraitin xüsusi zövq verir. Yaşıllıqlar bizi məftun etdi. Yəqin ki, yaxın vaxtlarda digər şəhərlərdə də olacağıq. Azərbaycan haqqında onu deyə bilərəm ki, ölkəniz təmiz və sakit ölkədir. İnsanlar burda bizə çox xoş münasibət göstərirlər. Biz hər şeydən razıyıq”.

Bakının Nizami (Tarqovi) küçəsində qarşılaşdığımız digər iraqlı turist Həmzə Əbu Səbih isə sabah İsmayıllıya yola düşür. O, rayonun təbiəti haqqında internetdən məlumat toplayıb. Çox heyranlıqla deyir ki, İsmayıllı meşələrini gəzməyi səbirsizliklə gözləyir. Ümumilikdə ölkəmizdəki turizm imkanları haqqında çox gözəl fikirdə olan iraqlı turist Azərbaycana 5-ci dəfədir ki, gəldiyini qeyd edir: “Mən ailəmlə hər yay Azərbaycana gəlirəm. Bakıdakı otellər turistlərin qalması üçün hərtərəfli şəraitlə təmin edilib. Biz bura sırf turist kimi gəlmişik, istirahət etmək istəyirik. Ölkənizdə tanış olmadığımız yerlərlə tanış olmaq istəyirik. Azərbaycanın iqlimi də mükəmməldir. Heç bir şeydən şikayətimiz yoxdur, hər şey yüksək səviyyədədir. İsmayıllıdan sonra Qəbələyə də gedəcəyimizi nəzərdə tutmuşuq”.

Muhəmməd Əbu Şam və Kərəm Əbu Əhməd də iraqlı turistlərdir. Hər iki turist 8-ci dəfədir ki, Azərbaycana gəlirlər. Qubada və Qusarda olduqlarını deyən turistlər növbəti dəfə Qəbələyə gedəcəklərini söyləyirlər. Bakıdakı və getdikləri bölgələrdə bütün şəraitdən razı qalan iraqlı turistlər qeyd edirlər ki, gün ərzində təxminən adambaşına 150 manat pul xərcləyirlər. “Valyuta problemimiz olmur, qaldığımız otellərdə valyuta dəyişmə məntəqələri var və bu bizim işimizi asanlaşdırır. Bakıda hər hansı bir yerə getmək üçün heç bir problemlə qarşılaşmırıq, özümüzü ölkəmizdəki kimi hiss edirik. Arzu edirik ki, bu gözəllik və imkan Azərbaycandan heç zaman əskik olmasın”.