Dünya Turizm Təşkilatı (DTT) “Beynəlxalq Davamlı Turizm İli” çərçivəsində istehlakçıya yönələn və davamlı turizmin bütövlükdə inkişafa verə biləcəyi töhfələr barədə məlumatlılığın artırılmasını nəzərdə tutan “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasına başlayıb.

AZƏRTAC DTT-nin saytına istinadla xəbər verir ki, kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.

Xatırladaq ki, DTT-nin baş katibi Taleb Rifai bu il qeyd olunacaq Dünya Turizm Günü (27 sentyabr) münasibətilə ictimaiyyətə müraciətində deyib: “Nə zaman səyahət etsəniz, hara səyahət etsəniz, həmin yerin təbiətinə, mədəniyyətinə və yerli əhalisinə hörmət etməyi unutmayın. Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin elçisi ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılacaq kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.