Çəltik sahələrinin hər hektarında məhsuldarlıq 30-35 sentner təşkil edir

Göyçay rayonunun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri çəltik yığımına başlayıblar.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il 8 kənddə, ümumilikdə, 219 hektar sahədə çəltik əkilib. Məhsuldarlığın yüksək olması üçün çəltik zəmisinə lazımi aqrotexniki qulluq göstərilib. Hazırda rayonun Yeniarx, Çərəkə və Alpoud kəndlərində çəltik biçini davam edir. Biçin kampaniyasına 5 kombayn və bir o qədər də yük avtomobili cəlb olunub. Bu günədək 20 hektar sahənin məhsulu biçilərək, qurudulma meydançasına toplanılıb.

Mütəxəssislərin hesablamalarına görə, rayonda hər hektar çəltik sahəsində məhsuldarlıq 30-35 sentnerdir. Kəndlilər qurudulan çəltiyi dəyirmanda emal edərək, ondan keyfiyyətli düyü götürürlər. Düyünün hər kiloqramını müştərilərə sərfəli qiymətə, yəni 1,5-2 manata satan fermerlər gələn il əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar. Boş və istifadəsiz qalan şoran torpaqların çəltik əkininə cəlb edilməsi üçün su arxı qazılır və digər hazırlıq işləri görülür. Dövlət dəstəyindən həvəslənən fermerlər gələn il rayonda 500 hektar sahədə çəltik əkməyi qarşıya məqsəd qoyublar. Ötən il rayonda cəmi 28 hektar sahədə çəltik əkilmişdi.