“Asan İmza” “PKI-Forum Rusiya 2017” yubiley konfransında təmsil olunub

Sentyabrın 12-14-də Sankt-Peterburqda Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi tərəfindən təşkil olunan açıq açar infrastrukturu və elektron imza problematikası üzrə “PKI-Forum Rusiya 2017” beynəlxalq konfransı keçirilib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, XV yubiley konfransının işinin əsas mövzuları “Açıq açar infrastrukturu və onun əsasında həllərə etibar”, “PKI-da perspektiv texnologiyaların tətbiqinin aktual məsələləri”, “PKI sahəsində standartlaşdırma və elektron rəqəmsal imza”, “Sertifikat xidmətləri mərkəzlərinin fəaliyyəti”, “Elektron imzanın əməliyyat sistemlərində məhdudiyyətsiz tətbiqi, blokçeyn-texnologiyalarda PKI” və sair olub.

Konfransın işində Azərbaycan, Belarus, Qazaxıstan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən çox nümayəndə iştirak edib.

Azərbaycanda Mobile ID Konsorsiumunun və “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions Azərbaycan” şirkətinin rəhbəri Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əl imzasına bərabər tutulan elektron imza ilə imzalamağa imkan verir, bu isə imzanı elektron xidmətlərin inkişafı məsələlərində üstün alətlərdən edir. Bu gün “Asan İmza” vasitəsilə elektron vergi bəyannamələrinin verilişi, gömrük xidmətində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və sair həyata keçirilir. “Asan İmza” eyni zamanda, özündə yeni inqilabi transsərhəd layihəni əks etdirir.

Bundan əlavə “PKI-Forum Rusiya 2017” konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı – özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət “Startup”ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün portal ölkəmizdə istehsal olunan məhsulların ixracını dəstəkləyir və “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Yana Krimpe, eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq fərdiləşdirilmiş dövlət blokçeyn texnologiyasının necə reallaşacağını, bütün tranzaksiyaların harada log, imza və vaxt möhürünə malik olacaqlarını konfrans iştirakçılarına nümayiş etdirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində “Azexport.az” portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Sərəncama əsasən, “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaq. Həmin Sərəncamın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənib. Əsasnaməyə görə, portaldan gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergiödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “Asan İmza” vasitəsilə reallaşdırılır.

Konfrans iştirakçılarının xüsusi marağına səbəb olan “mResidence” layihəsi xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa imkan verir. Bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə şərait yaradır. Bu yaxınlarda istifadəyə verilən “AsanDoc.az” portalı sayəsində isə orada audentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” ilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə, portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilib, eləcə də özəl şirkətlərlə sənəd dövriyyəsi prosesi sadələşdirilib. “PKI-Forum Rusiya 2017” konfransının iştirakçılarına “Asan İmza” vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin, “Elektron Hökumət” portalının, “Asan Ödəniş” portalının və Azərbaycanın maliyyə sektorunun innovativ xidmətləri təqdim edilib.

Konfransda, həmçinin “B.EST Solutions” şirkətinin satış üzrə direktoru Daniil Qusev də təqdimatla çıxış edib. Onun təqdimatı mobil elektron imza və bu texnologiyanın birgə tətbiqinin perspektivlərinin ümumi məsələlərinə toxunmuşdur. Qeyd edilib ki, bu texnologiya belə layihələrin reallaşdırılmasının uğurlu nümunələrinə, xüsusilə də Estoniya və Azərbaycan təcrübəsinə əsaslanıb.

Qeyd edək ki, Azərbaycanın “Asan İmza” mobil identitet və elektron imza texnologiyası keçən il “PKI-Forum Rusiya 2016” beynəlxalq konfransı çərçivəsində keçirilən açıq açar infrastrukturu üzrə XIV Rusiya müsabiqəsində birinci yerin qalibi olub. “Asan İmza” texnologiyası açıq açar infrastrukturuna əsaslanan rəqəmsal identitet üzrə müxtəlif ölkələrin analoji həlləri sırasında “PKI texnologiyasının inkişafına verdiyi önəmli töhfəyə görə” nominasiyasında qalib seçilib.