Astara şəhərindəki Gənclər Evində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon seçim turu başa çatıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov bilik yarışının məqsədinin yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən və rayon yığma komandasının tərkibinin təsis edilməsindən ibarət olduğunu bildirib.
Seçim turunda “Azəri-Light” (Astara şəhər 1 nömrəli tam orta məktəb), “Everest” (Astara şəhər 3 nömrəli tam orta məktəb), “Xəzər” (Şahağacı kənd 1 nömrəli tam orta məktəb), “KWINTET” (Şiyəkəran 1 nömrəli tam orta məktəb), “Şəfəq” (Siyəkü kənd tam orta məktəb), “APK” (Astara Pedaqoji Kolleci), “Vita” (Təngərüd kənd tam orta məktəb), “Zülfiqar” (Pensər kənd 2 nömrəli tam orta məktəb) komandaları qalib adı uğrunda mübarizə aparıblar.
Qrup oyunlarında sonra “APK”, “Vita”, “Everest” və “KWİNTET” komandaları finalda mübarizəni davam etdiriblər.
Bilik yarışının yekun nəticələrinə əsasən “Vita”, “KWİNTET” və “APK” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Elnur Qurbanlı
Astarainfo.az