…Tövlədə gizlənənlər hələ də var…
Oktyabr ayının əvvəlində Dövlət Statistika Komitəsinin yaydığı bir məlumat cəmiyyətə sanki SOS siqnalı oldu. Keçmiş sovetlər dövründə boşanmaların sayına görə ən axırıncı yerlərdən birini tutan Azərbaycan dağılan ailələrin statistikasına görə hazırda Avropa ölkələrinə çatmaqdadır. Bəli, 26 illik müstəqillik dövründə digər sahələrdə öncüllük əldə edə bilməsək də,boşanmaların sayına görə “öyünə“ bilərik. Statistik rəqəmlərə nəzər yetirək. 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Niyə? Min arzu-murazla, çox zaman da böyük maddi çətinliklə qurulan ailələr niyə dağılmalıdır axı? Kimdir günahkar? Bu sualın çox cavabı var,cox da açıqlaması.
Sosial şəbəkələrin bu günkü paylaşımlarında, xəbər portallarında Cəlilabadda baş verən olayı oxuyanda, boşanmalara çox zaman məhz valideynlərin səbəbkar olduğu qənaətinə gəldim.
…Cəlilabadın Şükürlü kəndində ər evinin boşamaq istədiyi qızlarının hayıfını oğlan tərəfindən çıxmaq istəyən qız evi dəstə bağlayaraq qudalarının evinə gedir. Özü də necə? Lap davalı kinolardakı kimi! Kimin əlinə nə düşübsə götürüb cumub oğlan evindəkilərinin üstünə. Evin qapı pəncərələrini, müxəlləfatını sındırdıqdan sonra kürəkənlərini tapmayıb hayıfını xanım qudalarından alıblar. Qadını o ki var döyüb əzişdirəndən sonra kişinin axtarışına çıxıblar. Vəziyyəti qarışıq görən kişi də dabanına tüpürərək “Asta qaçan namərddir” deyib çatdırır özünü qonşunun həyətinə. Görəndə ki, dəstə də, budur ha gəlir, birtəhər gözlərindən yayınıb, Qurbanəli bəy kimi, axurda –zadda bir yer taparaq gizlənir. Kişini tapmayan qız evi də hucumu yarıda saxlayaraq qayıdır evinə, qonşular da döyülən qadını çatdırır xəstəxanaya. Cəlilabadda baş verən bu olaydan, indi rayon polisinin araşdırdığı bu məsələdən kim qalib cıxacaq, kim məğlub, bu hüquq mühafizə orqanlarının işdir.
Amma bu problemi ayrı yozumu da var idi axı… Yadımıza salaq o vaxtları ki, qohum –qəbilədə, məhəllədə, kənd-kəsəkdə belə bir problem yaranırdısa, böyüklər, baş bilənlər məsələni sülh yolu ilə əlüstü yoluna qoyurdular ki, səsi-sədası yayılmasın, ailələr dağılmasın, kənddə ikitirəlik yaranmasın, azyaşlı uşaqlar arada qalmasın. (Yeri gəlmişkən, valideyni daş- qalaqla oğlan evinə hucum edən gəlinin ər evində sakit, tərbiyəli dolanmağına, qaynata-qaynananın hörmətini saxladığına da adamın inanmağı gəlmir ). Deməli, boşanmalara təkcə cavanların yol verdikləri səhvlər yox, bu səhvləri bir az da dərinləşdirən, odun üzərinə yağ tökən valideynlər səbəb olur. Boşanan gənc qadınlar ata evinə döndükdən sonra da çox zaman elə valideynləri tərəfindən ya döyülür, ya evdən qovulur, ən pisi də, yenidən həyat sirdaşını tapmaq istəyərkən aldanırsa, əxlaqsızsan -deyilərək öldürülür. Boşanmanın son nəticələri ailə münaqişələrinin ilkin çağında nəzərə alınsa, çox güman ki, dağılan ailələrin sayı bu həddə artmaz!
Və yeri gəlmişkən, arvadını müdafiə etmək əvəzinə, özü qorxudan tövlədə gizlənən kişinin xəstəxanalıq olan qadını boşanmaq istəyində olarsa, boşanmaların sayı daha bir rəqəm artar. Nə isə… Allah sənə rəhmət eləsin, Mİrzə Cəlil!…
Esmira İsmayılova-Lənkəran
Astarainfo.az