Bu günlərdə Mərkəzi kitabxanasında Avrasiya Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilən və “Demokratiyanı öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai idarəetmədə iştirakçılığın təşviqi” adlı xidmət çərçivəsində “İctimai iştirakçılıq və ictimai şuralar” adlı təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd ictimai iştirakçılıq və ictimai şuralar haqqında məlumatlılığı artırmaqdır. Təlimdə çıxış edən ekspert-təlimçi Babək Məmmədov qeyd edib ki, “İctimai İştirakçılıq” haqqında Qanunun qəbulu və onun Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsi Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi üçün çox mühüm hadisədir. O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı, dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. O, təlim iştirakçılarını ictimai şuralar və ictimai iştirakçılıqla bağlı geniş məlumatlandırmışdır. İştirakçılar “ictimai şuranın yaradılma qaydası və fəaliyyət formaları” haqqında və eyni zamanda “ictimai iştirakçılığın əhəmiyyəti, hüquqi bazanın yaradılması, formaları, məqsəd və prinsipləri” və s. mövzularında təqdimatı dinlədikdən sonra müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Natəvan Mədətzadə, Astara rayon Mərkəzi kitabxanasının şöbə müdiri